Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi

Səhiyyə Nazirliyində yoluxucu xəstəliklər üzrə məlumatların toplanma, ötürülmə, analiz və işlənmə prosesinin təkmilləşdirilməsi və epidemioloji nəzarətin gücləndirilməsi üçün «Yoluxucu xəstəliklərin elektron müşahidə sistemi» yaradılmışdır.Xəstəliklərə nəzarətin elektron əlaqələndirmə sistemi “Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən “Bioloji Təhlükənin Azaldılması Proqramı” çərçivəsində Azərbaycan Respublikasında tətbiq olunur. Sözügedən proqram çərçivəsində respublika ərazisində yerləşən sanitariya-epidemioloji xidmətinə aid olan 77 tibb müəssisəsi kompüter avadanlıqları ilə təmin olunmuş və YXEMS-ə qoşulmuşlar. 140 nəfər mütəxəssisə təlimlər keçmişlər. Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş sanitariya-epidemioloji xidmətinin müəssisələrində yerləşdirilən işçi yerləri elektron şəbəkə ilə mərkəzi məlumat bazasına qoşulur . Məlumatların ilkin daxil edilməsi yoluxucu xəstəlik aşkarlandıqda, o cümlədən bir sıra ictimai təhlükəli hallarda bir qayda olaraq rayon/şəhər gigiyena və epidemiologiya mərkəzlərində həyata keçirilir. Bütün daxil edilən məlumatlar növbəti işlənmə, saxlanma və analiz üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ötürülür. Xüsusi təhlükəli yoluxucu xəstəliklər barəsində isə məlumatlar Respublika Taun Əleyhinə stansiyaya ötürülür, saxlanılır və analiz olunur. Məlumatların şəbəkələrarası ötürülməsi real zamana yaxın bir tərzdə həyata keçirilir. Səhiyyə Nazirliyinin 26.02.2010-cu il tarixli 16№ -li əmrinə əsasən cari ilin aprel ayından YXEMS sistemi tətbiq edilir.