“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirilib

  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 11-17 mart Dünya Qlaukoma Həftəsi çərçivəsində 15 mart tarixində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı elmi-praktiki konfrans keçirilib.

Konfransda qlaukomanın diaqnostikasından, onun müalicəsindən danışılıb, xəstəliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfransda oftalmoloq alimlər qlaukomaya dair “Optik kohrenet tomoqrafiya”, “Qlaukomanın cərrahi müalicəsində Glauteks drenajın kliniki effektivliyi”, “Heydelberq retinotomoqrafiya” və s. mövzular dinlənilib.

Qlaukoma yunanca "qlaukos" sözündən götürülüb mənası yaşıl deməkdir. Xəstəlik el arasında "qara su" kimi tanınsa da, kəskin qlaukoma tutması zamanı gözlərin rəngi yaşıl rəngə çalır. Qlaukoma zamanı göz daxili təzyiqin artması nəticəsində görmə siniri atrofiyalaşır və görmə funksiyaları pozulur. Məhz təzyiqin gözdə qan dövranını pozması nəticəsində korluq yaranır. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir.

Ölkə səhiyyəsi bütün sahələrdə o cümlədən də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, paytaxda və regionlarda keçirilən konfranslarda da əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır.

“Qlaukoma həftəsi” çərçivəsində eyni zamanda Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında da anoloji aksiya təşkil olunub.

27 Mart 2018
Bu mətn 201 dəfə oxunub