26 Mart Ümumdünya Epilepsiya Xəstələrinin Günüdür

  Epilepsiya dünyada ən çox yayılmış nevroloji xəstəliklərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 2,5 milyon nəfərdə epilepsiya xəstəliyi aşkar edilir. Problemin aktuallığına diqqət çəkmək məqsədi ilə 2008-ci ildən etibarən martın 26-sı dünyada Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Gün kimi qeyd olunur. Bu tarixdə məlumatlandırıcı, xeyriyyəçilik, humanitar tədbirlər keçirilir, hər kəs epilepsiyalı insanlara öz dəstəyini ifadə etmək imkanı əldə edir.

Beyinin xroniki xəstəliyi olan epilepsiya bütün bədəndə və ya bədənin hansısa hissəsində qısamüddətli, təkrik olunmamış qıcolmalar şəklində meydana çıxır. Müxtəlif ölkələrdə əhalinin hər 100 min nəfəri arasında 20-53, inkişaf etməkdə olan ölkələrdə 100-190 epilepsiyaya tutulma halına rast gəlinir. Hazırda dünyada 50 milyondan çox insan epilepsiyadan əziyyət çəkir.

Son 15 ildə ölkəmizdə epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. İlk növbədə, xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti və s. məsələlər tədqiq edilib.

Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstələr tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla dövlət hesabına təmin olunur, onlara əlilliyə görə müavinət ayrılır. Diaqnozun təyinində və differensiasiya olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyaları təşkil edilir, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onlar daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanır.

27 Mart 2018
Bu mətn 573 dəfə oxunub