ATU-da elmi şuranın iclası keçirildi

  Azərbaycan Tibb Universitetində Böyük Elmi Şuranın iclası keçirilib. Yığıncağı açan universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev gündəliyə keçməzdən öncə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 31 martın Azərbaycanda soyqırımı günü kimi qeyd olunduğunu dedi. Bildirildi ki, Şaumyanın başçılığı altında daşnaklar və bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Hacıqabulda, Lənkəranda, Naxçıvanda, Zəngəzurda, Göyçə mahalında kütləvi qırğınlar törədildiyini, həmin zaman kəsiyində yalnız Bakı ətrafında və Şamaxıda 50 min azərbaycanlının qətlə yetirilib.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gündəlikdə duran məsələlər diqqətə çatdırıldı. Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nadir Zeynalovun “Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorluğunda 2017-2018-ci tədris ili ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabat məruzəsi dinlənildi.

Hesabat ilinin daha dolğun mənzərəsini vermək üçün son 3 ilin statistikasına istinad edən prorektor universitetimizə 2015/2016-cı dərs ilində 179, 2016/2017-ci dərs ilində 689, 2017/2018-ci ildə isə 613 nəfərin qəbul olunduğunu vurğuladı: “Universitetimizə daxil olan xarici tələbələrin sayının kəskin artmasının bir neçə səbəbi var, o cümlədən ATU-nun xarici ölkələrdə daha yaxşı tanınması və nüfuzunun artması, bəzi ölkələrdə (İraq) ATU-nun diplomunun dövlət səviyyəsində tanınması, ölkəmizdə olan sabitlik və əmin-amanlıq, həmçinin təhsil haqqının rəqabətli olmasıdır. Cari dərs ilində qəbul olunmuş əcnəbi tələbələrin sayının bir qədər azalması universitetimizin auditor fondunun və əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının məhdud olması ilə bağlıdır, bu rəqəm ATU-nun tədris hissəsi tərəfindən təyin edilir. Gələcəkdə həm auditor fondu, həm də əcnəbi tələbələrə dərs keçən müəllimlərin sayının artması əcnəbi tələbələrin qəbulunun artırılmasına imkan verməlidir”.

Əcnəbi vətəndaşlar və vətən­daşlığı olmayan şəxslərin ATU-ya daxil olması üçün Hazırlıq Kursunun təsis olunması və Hazırlıq Kursuna qəbulun ildə 2 dəfə aparılması təklifini şura üzvlərinin diqqətinə çatdıran N.Zeynalov qeyd etdi ki, bu kurs ATU-nun struktur vahidi olmayaraq Azərbaycan, ingilis, rus dili, fizika, kimya və biologiya üzrə dərslərdən ibarətdir. Kursun təşkili işinin xarici tələbələrlə iş üzrə dekanlığa, dərslərin aparılmasının isə müvafiq kafedralara həvalə edilməsi nəzərdə tutulur.

Məruzədə əksini tapan əsas təkliflərdən biri də namizədlərin qeydiyyatının yalnız elektron şəkildə xüsusi İnternet portal vasitəsilə aparılması və qəbul komissiyası tərəfindən İnternet üzərindən onlayn müsahibə yolu ilə seçilməsi oldu.

2015-ci ildə 285, 2016-cı ildə 195, 2017-ci ildə isə 246 nəfərin yay istehsalat təcrübəsini xaricdə keçirməsini tələbələrin beynəlxalq təcrübədən yararlanmağa marağının yüksək olması kimi dəyərləndirən prorektor onların daha çox Türkiyə və Almaniyaya üz tutduqlarını dedi: “Belə ki, 2015-ci ildə Türkiyəyə 250, Almaniyaya 33, digər ölkələrin hərəsinə 1 tələbə, 2016-cı ildə Türkiyəyə 116, Almaniyaya 72, Polşaya 3 tələbə, 2017-ci ildə isə Türkiyəyə 106, Almaniyaya 131, digər ölkələrin hərəsinə 1-2 tələbə getmişdir”.

Məruzə ətrafında çıxış edən kliniki allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva, ağız və üz-çənə kafedrasının müdiri, professor Çingiz Rəhimov, təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov və II müalicə-profilaktika fakültəsinin tələbə-dekanı Məhərrəm Alimli hesabatı yüksək qiymətləndirərək universitetin xarici əlaqələri ilə bağlı fikirlərini söylədilər, mövcud problemlərdən danışaraq təkliflər irəli sürdülər.

Müzakirələrə yekun vuran S.Əliyev qısa müddətdə əcnəbi tələbələrin sayının 3-4 dəfə artmasını beynəlxalq əlaqələr üzrə işin birinci müsbət göstəricisi kimi dəyərləndirdi.

Xarici tələbələrlə işləyən müəl­limlərin seçimi zamanı diqqətli olmağı tövsiyə edən Sabir Əliyev bildirdi ki, seçilən müəllimlərin pedaqoji ustalığı, əqidə saflığı, mədəniyyəti, davranışı, savadı və dil bilgiləri nəzərə alınmalıdır.

Müalcə-profilaktika və digər fakültələr üçün stomatologiya kafedrasının və bu kafedrada tədris olunan “Stomatoloji xəstəliklər” fənninin ləğvi barədə təklifi, eləcə də nevrologiya kafedrasının baş laborantı, t.ü.f.d. Kamran Salayevin tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya mövzusunu və elmi məsləhətçiləri (nevrologiya kafedrasının müdiri Ş.Mahalov və psixiatriya kafedrasının müdiri G.Gəraybəyli) təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.

2 Aprel 2018
Bu mətn 180 dəfə oxunub