Hemofiliya xəstələri dövlət qayğısı ilə əhatə ediliblər

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I Vitse Prezident, İssesko və Yuneskonun xoşməramlı səfiri birinci xanım Mehriban Əliyeva ölkə vətəndaşlarının səhiyyə xidmətləri ilə təmin edilməsinə xüsusi önəm verirlər. Bunun bariz nümunəsi səhiyyə müəssisələrinin yenidənqurulması, əhaliyə tibbi xidmət məqsədi ilə qəbul olunmuş dövlət proqramlarıdır. Xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biri kimi “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qayğı” üzrə dövlət proqramını qeyd etmək olar.

16.04.2018-ci il tarixində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dövlət proqramı çərçivəsində görülən işlər və 17 aprel Ümumdünya Hemofiliya Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə qeyd edildi ki, Qafqaz regionunda ilk Hemofiliya mərkəzi məhz Bakıda 1973-cü ildə yaradılıb. Hazırda mərkəz çoxprofilli M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində fəaliyyət göstərir. Mərkəzdə 1595 xəstə dispanser qeydiyyatdadır. Qeydiyyatda olan xəstələr xəstəxananın müxtəlif ixtisaslı həkimləri tərəfindən müayinə, müalicə və reabilitasiya xidmətəri ilə təmin olunurlar. Uzun illər Hemofiliya mərkəzində aparılan gərgin işlər nəticəsində respublikamızda yaşayan hemofiliyalı xəstələrin dispanser qeydiyyatı və pasportlaşması həyata keçirilib.

Dövlət proqramının tədbirlər planına əsasən hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, onların laxtalanma faktorları ilə təminatı, qanaxmaların profilaktikası, ağırlaşmaların aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşması, ömürlərinin uzadılması, əlilliyin, vaxtsız ölümlərin qarşısının alınması məqsədi ilə fəaliyyətlərin icrası nəzərdə tutulub. Tədbirlər Planı çərçivəsində xəstələrin qeydiyyatının aparılmasını təmin etmək, xəstələrin ağırlaşmalar, əlillik, ölüm halları, habelə müalicə-profilaktika tədbirlərinin səmərəliliyi barədə məlumat almaq məqsədi ilə hemofiliyalı xəstələrin registri yaradılıb. Bu məlumatlar ölkənin bütün bölgələrindən toplanaraq vahid sənəd şəklində formalaşdırılır. Bu da dərman preparatlarının istifadəsi və paylanmasına nəzarətin həyata keçirilməsi üçün olduqca zəruridir.

Azərbaycanda hemofiliyalı xəstələr lazımi dərman preparatları ilə təmin edirlər. Bu gün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da hemofiliyalı xəstələr ev şəraitində, ambulator və stasionar şəraitdə müalicə alırlar.

Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin göstərişi ilə inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da, ən ağır hemofiliyalı xəstə uşaqlar I profilaktikaya götürülür. Bu xəstə uşaqlar ağır hemofiliyalı vəziyyətdən, orta və yüngül vəziyyətə keçirilir, əlilliyin qarşısı alınır və sağlam uşaqlardan seçilmirlər.

Hər il hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir. Bunlardan oynaqların endoprotezləşməsi, dişlərin əkilməsi, plastik cərrahiyyə əməliyyatları və s. qeyd etmək olar.

2017-ci ilin statistik məlumatlarına əsasən ölkədə 1595 hemofiliyalı xəstə dispanser qeydiyyatındadır. Onlardan 1-5 yaş arası olan 98 uşağın 54-ü ilkin profilaktikaya götürülüb. 5-15 yaş arası uşaq və yeniyetmələr isə 231 nəfərdir. Bu da ümumi xəstələrin 21%i təşkil edir. Bu problemdən əziyyət çəkənlərin 758 nəfəri Bakı, 77 nəfəri isə Sumqayıt şəhərlərinin sakinidir.

20 Aprel 2018
Bu mətn 361 dəfə oxunub