Valideyn himayəsindən məhrum olan tələbələrə ikiqat təqaüd verilir

  Vətəndaşların sosial təminatının inkişafı, aztəminatlı ailələrin maddi rifahının gücləndirilməsi dövlətimizin əsas prioritet istiqamətlərindəndir.

Dövlətimizin bütün sahələrində bu məsələ daim diqqət və qayğının əhatəsindədir.

Səhiyyə sahəsi də bu mövzunu diqqətdən kənarda qoymur. Belə ki, valideyn himayəsindən kənarda qalan yaxud aztəminatlı ailələrdən olan tələbələrin maraqlarını əsasən təhsilə yönəltmək, onlarda elm və peşələrinə daha çox marağı artırmaq məqsədi Azərbaycan Tibb Universiteti yeniliyə imza atıb.

ATU valideyn himayəsindən məhrum olan tələbələrə dəstək məqsədi ilə onlara aldıqları təqaüdün iki misli verilməsini təmin edəcək.

Azərbaycan Tibb Universitetinin rektoru G.Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada bu məsələ müzakirə olunmuş və qərar qəbul edilmişdir. 18 yaşından sonra valideyn dəstəyindən məhrum olmuş tələbələr universitetdə təhsil aldıqları müddətdə - 23 yaşadək onlara orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislinin verilməsi qərara alınmışdır.

Yuxarıda da göstərildiyi kimi, bu addımın məqsədi tələbələrin sosial müdafiəsini gücəndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyətlərə stimullaşdırmaqdan ibarətdir.

18 yaşından yuxarı valideyn dəstəyindən məhrum olan tələbələrə yardım Təqaüd Fondu hesabına həyata keçiriləcək.

Bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.

ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə həmin vaxt Universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb. Artıq ATU-nun onlarla tələbəsi bu imkandan yararlanıb.

25 Aprel 2018
Bu mətn 325 dəfə oxunub