Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə və tibb müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Azərbaycan Tibb Universitetində keçirilən toplantıda universitetin rektoru, professor Gəray Gəraybəyli xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanı sənaye və mədəniyyət ölkəsinə çevirməsində, müstəqilliyimizin qorunması və möhkəmlənməsindəki xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, məhz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə yüzlərlə xəstəxana, klinika, müalicə müəssisəsi yaradılaraq əhalinin istifadəsinə verilib.

Vurğulanıb ki, Heydər Əliyev kimi şəxsiyyətlər tarix boyunca nəinki unudulmur, əksinə, illər ötdükcə, zaman keçdikcə o, özünün bütün böyüklük və əzəməti ilə sanki yenidən doğulur.

Əməlləri ilə xalqımızın tarixinə öz adını əbədi olaraq həkk etmiş dünya şöhrətli siyasətçi, müdrik və uzaqgörən dövlət rəhbəri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Nəsimi Rayon Yeni Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Heydər Əliyevin xalqımızın dünəninin, bu gününün qurucusu, gələcəyinin qarantı kimi qiymətləndirdi: “O, özünün xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı 90-cı illərin ağır siyasi və hakimiyyət böhranından xilas etdi, yeni neft müqavilələri imzaladı, onun təşəbbüsü ilə paytaxtımızda çoxlu iqtisadi və mədəni tədbirlər keçirildi. Ulu Öndərin apardığı müdrik və gələcəyə hesablanmış siyasətlə dünyanın bütün diqqətinin ölkəmizə yönəlməsinə nail oldu”. Məlahət İbrahimqızı bu böyük şəxsiyyətin xalqımız, millətimiz qarşısındakı əvəzsiz xidmətlərini yada salıb. O, Ulu Öndərlə bir dövrdə yaşadığı üçün özünün iftixar hissi keçirdiyini, bugünkü orta nəslin isə belə müdrik şəxsin müasiri olduğu üçün fəxr etməyə haqqı olduğunu söyləyib.

Universitetin I daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanov dahi rəhbərin tibb ictimaiyyəti, həkimlərlə keçirdiyi görüşlər barədə danışıb və həmin tədbirlərdə xalqımızın böyük oğlunun verdiyi məsləhət və tövsiyələri xatırladıb.

Tibb Universitetinin tələbəsi Pəri Məhərrəmova Ulu Öndərin təhsilə, gənc kadrların, xüsusilə tibb mütəxəssislərinin hazırlığına böyük əhəmiyyət verdiyi, yetişməkdə olan nəslin varislik, ata-babaların ən yaxşı adət-ənənələri ruhunda tərbiyə olunmasına göstərdiyi diqqət və qayğı barədə danışıb.

10 May 2018
Bu mətn 73 dəfə oxunub