Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün dünyada qeyd olunmasını BMT Baş Assambleyası 1950-ci ildə qərara alıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Uşaqlar xüsusi diqqət, qayğı və müdafiəyə ehtiyacı olan təbəqədir.

Bu səbəbdəndir ki, səhiyyənin prioritet istiqamətlərindən biri də məhz uşaqların sağlamlığının keşiyində durmaq, yarana biləcək xəstəliklərdən onları vaxtından əvvəl qorumaqdır. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ildə “Uşaqların İcbari Dispanserizasiyası haqqında” qanunun qəbul edilməsidir.

Qanun uşaqların sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir.

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilir.

Respublikamızda həyata keçirilən sistemli tədbirlər nəticəsində bu gün uşaqların sağlamlığının göstəricilərində müsbət dinamika müşahidə olunur.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin göstəricilərinə görə, ölkədə uşaq əhalisinin sayı 2 milyon 600 minə yaxındır. 2017-ci il ərzində ümumilikdə 2 milyon 453 min 693 uşaq dispanser qeydiyyatından keçib.

Ölkədə fəaliyyətdə olan 4 min 111 tibb müəssisəsindən 2 min 369-u uşaq əhalisinə xidmət edir.

4 İyun 2018
Bu mətn 284 dəfə oxunub