ATU-nun hazırlıq kursuna Skype-la qəbul aparılır

  Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparılır. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

Haızrlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələ namizədlərlə Skype bağlantısı vasitəsilə müsahibə aparılır.

Artıq Türkiyə, İran, İraq, Yəmən vətəndaşları ilə Skype üzərindən müsahibələr aparılıb. Bu gün ATU-nun rektoru professor Gəray Gəraybəyli də prosesin təşkili ilə tanış olub, Skype-la müsahibənin gedişini izləyib, prosedurun daha da təkmilləşdirilməsi üçün təkliflərini verib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovun sözlərinə görə, müsahibə zamanı tələbəmiz olmaq istəyənlərin bilik səviyyəsi dəyərləndirilir: “İntervyu 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir”.

Skype-la müsahibə 8-10 dəqiqə davam edir. Komissiya ATU-nun idarə heyətinin üzvləri və fənn müəllimlərindən təşkil olunub.

Universitetin hazırlıq kursuna qəbul edilmiş əcnəbi vətəndaşlara tələbə vizası almaq üçün müvafiq sənədlər göndərilir. Sənədləşmə işləri başa çatdıqdan sonra bu şəxslər respublikamızın miqrasiya qanunvericiliyinə uyğun qaydada tələbə vizası ilə təmin olunub ATU-nun hazırlıq kursuna qatıla biləcəklər.

Qeyd edək ki, gələn ildən etibarən ATU-nun hazırlıq kurslarına ildə 2 dəfə - aprel-may və oktyabr-noyabr aylarında qəbul aparılacaq.

14 İyun 2018
Bu mətn 463 dəfə oxunub