Uşaq Bərpa Müalicə Mərkəzi 30 illiyini qeyd edib (FOTO)

  Azərbaycanda yaşayan hər bir uşağa, xüsusən sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısının barış nümunələrindən biri də UBMM- dir. Mərkəz 1988-ci ildən fəaliyyətdədir. Bu il sentyabr ayında Uşaq Bərpa Müalicə Mərkəzi öz 30 illiyini qeyd edir. Maraqlı tarixə malik olan Mərkəz Respublikada ilk Uşaq Bərpa Mərkəzi olaraq Azərbaycanda uşaq reabilitasiyasının və sağlamlıq imkanları məhdud uşaqların reabilitalogiyasının inkişafına çalışan tibb müəssisəsidir.

Mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ildə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən müasir reablitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin edilib. Mərkəzdə Bərpa-müalicə şöbəsi, Fizioterapiya və tibbi bərpa şöbəsi, klinik diaqnostik laboratoriya fəaliyyətdədir.

UBMM-nə bərpa müalicəsinə ehtiyaci olan 18 yaşına kimi xəstələr müalicə qəbul edirlər. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2020-ci illər üçün Dövlət proqramına” əsaslanaraq, uşaqlar arasında sağlamlıq imkanları məhdudluğunun profilaktikası, müalicə sayəsində UBMM-də bir sıra işlər aparılır.

Uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Reablitasiya kursu müalicənin mümkün qədər tez başlanılmasına, hər bir xəstəyə fərdi yanaşmaya və çox mərhələli, uzun müddətli bərpa müalicəsinin təşkilinə əsaslanır. Mərkəzə gələn hər bir pasiyent üçün onun yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla, il ərzində 3-6 mərhələdə fərdi reablitasiya kursu tərtib olunur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicə üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planına əsasən UBMM-nə daxil olan 1 yaşına qədər uşaqların sayı əvvəlki illə müqayisədə 40 faiz artıb. Burada körpələrə ilkin bərpa müalicəsi aparılır, bərpa müalicəsinin tez başlaması daha müsbət nəticə əldə olunmaqda bizə kömək edir. Mərkəzdə erkən yaşlı uşaqlarda əlilliyin aşkarlanması və erkən reabilitasiya sahəsində təlimlər keçirilib. Təlimlərdə Bakı və Azərbaycanın rayonlarından 300-dən artıq həkim maarifləndirilib.

Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv surətdə iştirakına səy göstərilir. Belə ki, müalicə tədbirlərində, o cümlədən bədən tərbiyəsi, aktiv terapiya, artterapiya və başqa terapiya prosedurlarında valideynlər də iştirak edir və maariflənirlər.

Uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müdaxilə olunması, xroniki xəstəliklərin, dayaq-hərəkət sistemi xəstəliklərinin reabilitasion müalicənin erkən başlanması Respublikamızda əlillik faizinin azaldılması ilə nəticələnə bilər. 30 illik tarixə malik olan UBMM-nin mütəxəssisləri və bütün kollektivi xəstələrin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası, cəmiyyətə sosial inteqrasiyası yolunda əlindən gələni əsirgəmirlər.

24 Sentyabr 2018
Bu mətn 319 dəfə oxunub