ATU ilə İstanbul Universiteti - Cerrahpaşa arasında əməkdaşlıq memorandumu imzalandı (FOTO)

  Azərbaycan Tibb Universitetinin qonağı olan İstanbul Universiteti - Cerrahpaşanın rektoru Aydın Nuri bu gün professor Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ali məktəblərin ortaq maraqlarını təşviq etmək baxımından memorandumun yararlı olacağını bilirdi. Onun sözlərinə görə, hər iki müəssisə qarşılıqlı korporativ tədris və elmi-tədqiqat fəaliyyətini reallaşdırmaqda maraqlıdır. Bunun üçün işlək mexanimzlərin yaradılmasına ehtiyac var: “Biz qardaş Türkiyə universitetləri ilə əməkdaşlıq sənədi imzaladıqda, bu sənəddə real hədəflərin qoyulmasının tərəfdarı oluruq. Tələbə və rezidentlərimiz, həkim və müəllimlərimiz üçün belə əməkdaşlığın olması çox vacibdir. Xüsusilə də, Türkiyə universitetlərinin tibb fakültələri ilə rezident mübadiləsində sıx əməkdaşlığımız mövcuddur. İmzaladığımız müqavilə qarşılıqlı elmi işlərin aparılması prosesinə böyük təkan olacaq”.

Rektor G.Gəraybəyli ATU-da xeyli sayda xarici ölkələrdən tələbələrin təhsil aldığını, onlar arasında Türkiyədən gənclərin olduğunu da bildirdi. Rektorun sözlərinə görə, “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hədəflərinə əsasən ATU-da beynəlxalq ikili diplom proqramlarının tətbiqi və doktorantura səviyyəsi üzrə Azərbaycan vətəndaşlarının seçiminin təkmilləşdirilməsi üzrə işlərə başlanılıb. Bunlar da ATU-nun beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində rolunu daha da gücləndirəcək.

Türkiyənin İstanbul Universiteti - Cerrahpaşa rektoru, Professor Doktor Aydın Nuri hazırda universitetdə 42 min tələbənin olduğunu, ali məktəbdə yeni struktur dəyişikliklərinin aparıldığını bildirdi: “Cerrahpaşa artıq bir markaya çevrilib. Tibb təhsili sahəsində çox irəliləyişlər əldə etmişik. İnanıram ki, əməkdaşlığımız sayəsində bir-birimizə hər bir sahədə yardımçı ola biləcəyik”.

Sonra Azərbaycan Tibb Universiteti ilə İstanbul Universiteti - Cerrahpaşa Universiteti arasında anlaşma memrandumu imzalandı. Sənəddə birgə tədris və təhsil fəaliyyəti, Doktorluq dərəcəsi üzrə tələbə mübadiləsi və birgə rəhbərlik altında doktorluq dissertasiyasının yazılması üzrə əməkdaşlıq, akademik və elmi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Bundan əlavə, sazişdə ali məktəblərin birgə layihə və tədqiqatlar aparması, diplomaqədərki və diplomdansonrakı tələbələrin mübadiləsi, elmi işçilərin və tədris heyətinin mübadiləsi, Akademik nəşrlər və elmi sənədlərin mübadiləsi ilə bağlı fəlaiyyətlər də öz əksini tapıb.

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri assistent İkram Rüstəmov, ATU-nun Tədris Cərrahiyyə Klinikasının dializ şöbəsinin müdiri Barat Yusubov da iştirak ediblər.

24 Aprel 2019
Bu mətn 1372 dəfə oxunub