“Kinetigraph” adlanan qolbağı parkinson xəstəliyinə nəzarət etməyə kömək edəcəkdir

“Global Kinetics Corporation” şirkəti Flori adına Nevroloji və Psixi Sağlamlıq İnstitutu ilə birgə parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin həyat keyfiyyətinin artırılması üçün nəzərdə tutulmuş “Kinetigraph” adlanan xüsusi qolbaq hazırlamışlar.

Qolbaqda insanın hərəkətləri haqqında informasiya toplayan akselerometr quraşdırılmışdır. Məhz bunun sayəsində həkimlər insanın səhhəti haqqında məlumat əldə edə, lazım gələrsə müalicə üsulunu dəyişə biləcəklər.

Pasiyentlər qolbaqlardan 10 gün müddətində istifadə etmişlər. Bu vaxt ərzində cihaz vasitəsilə bradikineziya (parkinson xəstəliyinin başlanğıcı üçün xarakterik olan hərəkətlərin ləngiməsi) göstəriciləri ölçülmüşdür.

Ümumilikdə, sensorlardakı məlumatların analizi göstərəcək ki, müəyyən preparatları nə vaxt təyin etmək lazımdır və xəstə müalicəyə necə reaksiya verir. “Ağıllı” qolbaqlar xüsusilə də pasiyentlərə səs siqnalları vasitəsilə dərmanları vaxtında qəbul etməkdə yardımçı olacaqdır.

Hazırda qolbaqlar yalnız xəstəxanalara satılır. “Kinetigraphs”dan dünyanın 9 ölkəsinin (Avstraliya, Almaniya, Hollandiya, Norveç, İsveç, Danimarka, Malayziya, Honkonq, Tayland) 50 xəstəxanasında istifadə olunur.

azertag.com

22 May 2014
Bu mətn 4756 dəfə oxunub