Cərrahlar tarixdə ilk dəfə olaraq 3D printerində çap olunmuş fəqərələr köçürüblər

Pekin Universitetinin üç nömrəli klinik xəstəxanasının ortopedik şöbəsi bildirir ki, şöbənin bir qrup cərrahı zədələnmiş fəqərələrin 3D printerində çap olunmuş yeni süni fəqərələrlə əvəz olunması üzrə uğurlu əməliyyatlar aparıb. Belə əməliyyatlar ilk dəfə olaraq həyata keçirilib. Sümüklərin 3D çap texnologiyası vasitəsilə yaradılması hazırda müasir təbabətin ən perspektiv istiqamətlərindən biri olsa da, onurğa sümükləri ilə iş ən mürəkkəb proseslərdən biridir.

Qeyd etmək lazımdır ki, yeni fəqərələrin implantasiyası hələ keçən il aparılmışdı və bütün bu müddətdə həkimlər izləyirdilər ki, pasiyentlərin orqanizmləri implant olunmuş yeni materialları rədd etməsin. Xoşbəxtlikdən, belə hal olmadı. Bu isə o deməkdir ki, fəqərələrin qismən dəyişdirilməsi üzrə belə təcrübədən tezliklə dünyanın başqa xəstəxanalarında da istifadə oluna bilər.

Fəqərənin dəyişdirilməsi əməliyyatı keçirmiş ilk pasiyent futbolda boynundan ciddi zədə almış 12 yaşlı oğlan olub. Zədə nəticəsində ikinci fəqərədə şiş əmələ gəlmişdi. Cərrahi yolla ondan xilas olmaq qeyri-mümkün olduğuna görə həkimlər zədələnmiş fəqərəni yeni süni fəqərə ilə əvəz etməyi qərara alıblar. Hazırda oğlanın hərəkət qabiliyyəti demək olar ki, tamamilə bərpa olunub.

İkinci xoşbəxt şəxs 32 yaşlı pasiyent olub. Çox ağır onurğa xəstəliyi özündən o, gəzə də bilmirdi. Bundan başqa, gəncin ətrafları tez-tez keyiyirdi. Lakin fəqərələr dəyişdirildikdən sonra o, özünü yaxşı hiss edir, hərəkəti bərpa olunub.

Fəqərə köçürülməsi üzrə daha bir uğurlu əməliyyat boyun spondilezindən – onurğanın ən yuxarı hissəsinin degenerativ vəziyyətindən əziyyət çəkən qadın üzərində aparılıb. Xəstəliyin simptomları əsasən bunlardır: əllərdə, biləklərdə, ayaqlarda, dabanlarda sancı, ağrı və keyimə, koordinasiya çatışmazlığı, hətta adicə yeriyərkən çətinlik çəkmə və nəhayət, sidik kisəsi və bağırsaqla əlaqədar ciddi problemlər. İmplantasiya əməliyyatından cəmi bir neçə gün sonra qadında bu əlamətlər yoxa çıxıb.
Təcrübə göstərir ki, 3D çap texnologiyası həqiqətən möcüzələr yarada bilər.

azertag.com

21 Avqust 2014
Bu mətn 4918 dəfə oxunub