Yol qəzalarında yüksək ölüm göstəricisi yoxsul ölkələrin payına düşür

 Dünya Səhiyyə Təşkilatı (DST) ölkələrdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni qlobal məruzə təqdim edib. Məruzədə bildirilir ki, yol-nəqliyyat hadisəsi (YNH) nəticəsində hər il təxminən 1,25 milyon insan həlak olur. Ən yüksək ölüm göstəricisi aşağı gəlirli ölkələrdə müşahidə olunur.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, məruzəni DST-nin baş direktoru Marqaret Çen təqdim edib. O deyib: “Yol-nəqliyyat hadisələri xüsusilə yoxsul ölkələrin yoxsul əhalisi arasında yolverilməz miqdarda qurbanlara gətirib çıxarır”.

YNH nəticəsində ölmək riski insanların harada yaşamasından və hansı nəqliyyat vasitəsindən istifadə etməsindən xeyli dərəcədə aslıdır. Orta və aşağı səviyyəli gəlirə malik ölkələrdə ölüm hallarının 90 faizi YNH nəticəsində baş verir. Halbuki nəqliyyat vasitələrinin cəmi 54 faizi həmin ölkələrin payına düşür.

Avropada, xüsusilə bu regionun ən zəngin ölkələrində ölüm faizi ən aşağı, Afrika ölkələrində isə ən yüksəkdir.

DST-nin ekspertləri qeyd edirlər ki, YNH nəticəsində ölüm hallarının aşağı səviyyəsi yollarda təhlükəsizliyin artırılması üzrə qanunvericiliyin təkmilləşdirilməsinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsinin nəticəsidir.

DST-nin sədri deyib: “Məruzədə göstərilib ki, yol hərəkəti təhlükəsizliyinin təmini strategiyası insan həyatının xilas edilməsinə gətirib çıxarır”.

Hazırda dünyanın 105 ölkəsində sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etmələri haqqında müvafiq qanunlar var. Dünyanın 47 ölkəsi şəhər içində maksimum sürət kimi 50 km/saat müəyyən edib və yerli hakimiyyət orqanlarına əlavə sürət məhdudiyyətinin tətbiqi üçün səlahiyyət verib. Dünyanın 34 ölkəsində nəqliyyatın sərxoş vəziyyətdə idarə olunmasına qarşı mübarizə üzrə normativ aktlar var. Ölkələrin çoxu velosipedçilər üçün dəbilqə tələbləri qoyublar, 53 dövlətdə uşaq qoruyan qurğulardan istifadə edilməsi haqqında qanun var.

Yeni məruzədə qeyd edilir ki, yolda ən zəif qrup motosikletçilər, piyadalar və velosipedçilərdir.

21 Oktyabr 2015
Bu mətn 1843 dəfə oxunub