Antibiotikləri ehtiyatla istifadə edin

 Dünya Səhiyyə Təşkilatı (DST) noyabrın 16-dan 22-dək antibiotiklərdən düzgün istifadəyə dair “Ümumdünya həftəsi” keçirəcək.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, “Ümumdünya həftəsi” antibiotiklərdən düzgün istifadə və antibiotiklərə qarşı davamlılıq problemi haqqında məlumatlılığın artırılmasına yönəlib.

Qlobal fəaliyyət planı antibiotiklərin və mikrob əleyhinə digər preparatların düzgün istifadəsi probleminə cavab olaraq 2015-ci ilin may ayında Ümumdünya Səhiyyə Assambleyasının 68-ci sessiyasında qəbul edilib. Planın əsas məqsədlərindən biri xüsusi hazırlıq keçməklə sanitar maarifləndirmə və səmərəli informasiya ötürmə vasitəsilə antibiotiklərdən istifadənin yaxşılaşdırılmasıdır.

"Antibiotiklər: Ehtiyatla istifadə edin"! çağırışı kampaniyanın mövzusudur. Antibiotiklər elə qiymətli resursdur ki, onu qorumaq lazımdır. Onlar bakterial infeksiyaların müalicəsi üçün yalnız tibb mütəxəssislərinin təyinatı üzrə istifadə olunmalıdır. Heç bir halda antibiotikləri digər insanlara vermək olmaz. Antibiotiklərlə müalicə kursu yarımçıq saxlanılmamalıdır.

DST bütün üzv dövlətləri və tərəfdaşları bu kampaniyaya qoşulmağa təkidlə tövsiyə edir.

31 Oktyabr 2015
Bu mətn 1908 dəfə oxunub