"Doğum Evi" modulu

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2010-cu il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na dəyişikliklər və əlavələr edilməsi barədə 134 nömrəli Qərarına uyğun olaraq Azərbaycan Respublikasında doğum hallarının qeydiyyatı sahəsində nəzarətin gücləndirilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyində yenidoğulmuşların vahid tibbi elektron registrinin yaradılması məqsədilə Səhiyyə Nazirliyində 04 oktyabr 2010-cu il tarixli 77 nömrəli müvafiq əmr imzalanmışdır.
    Bu Əmrlə yenidoğulmuşların valideynlərinə verilən “AZS-103” nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”nin tibb müəssisələrində əl ilə doldurulmasına 2011-ci ilin yanvar ayının 1-dən son qoyuldu. Respublika ərazisində bütün doğuşayardım tibb müəssisələrində hər yenidoğulan uşaq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS) qeydiyyata götürülür və bu məlumatlar mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə vahid elektron registrinə daxil olunur.
    Bununla bağlı Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən VESKS-nin “Doğum evi” proqram təminatı modulunda müvafiq dəyişikliklər həyata keçirilərək bütün doğuşayardım tibb müəssisələrində tətbiq edildi.
   “Doğum Evi” Altsisteminin tətbiqi məqsədilə 13.12.2010-17.12.2010 tarixləri arasında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzində müvafiq treninqlər keçirildi. 68 nəfərin iştirak etdiyi treninqləri Mustafayeva Türkanə apardı. Keçirilən treninqin səmərəliliyini yoxlamaq məqsədilə sonda test yoxlaması da oldu. Testlərdə çıxan əsas səhvlər iştirakçılara yenidən izah olundu. Sonda iştirakçılara “Doğum Evi” Modulu proqram təminatının istifadə qaydaları haqqında təlimat kitabçaları paylanıldı.