Dünya Xərçənglə Mübarizə Günü ilə bağlı silsilə tədbirlər keçirilir

  Hər il olduğu kimi, Milli Onkologiya Mərkəzi tərəfindən 4 fevral - Dünya Xərçənglə Mübarizə Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirləri həyata keçirilir.

Mərkəzdən bildiriblər ki, fevralın 4-dək Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əhalinin məlumatlılığının artırılması məqsədi ilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Həmin müddət ərzində müxtəlif ticarət və əyləncə mərkəzlərində, tibbi müəssisələrində Azərbaycanda geniş yayılmış xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar veriləcək, bukletlər paylanacaqdır. Bakının iri ticarət mərkəzlərində isə təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair bütün sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcəkdir.

Qeyd edək ki, Dünya Xərçənglə Mübarizə Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.

28 Yanvar 2016
Bu mətn 1504 dəfə oxunub