İSİM-də neonatal reanimasiya üzrə təlimlər keçirildi

  2016-cı il oktyabrın 13-14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri (neonatloq və pediatlarlar) üçün “Neonatal Reanimasiya” üzrə təlimlər keçirildi. 2 gün davam edən bu təlimlərə əsasən respublikanın regional doğuşayardım müəssisələrində çalışan həkim-mütəxəssislər cəlb olunmuşdular.

Təlim kursu boyu iştirakçılar son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara baxış keçirdilər, komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan addımların sənədləşdirilməsinə müasir yanaşmaları müzakirə ediblər.

Təlimlər vasitəsi ilə regionlarda doğuşayardım müəssisələrində çalışan tibb işçiləri yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərmək, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımı tətbiq etmək, müvafiq tibb müəssisələrinə onların vaxtında çatdırılmasını təmin etmək və s. məqamlarda öz bilik və bacarıqlarını artırdılar.

İştirakçılara neonatologiyada istifadə edilən yeni texnologiyalar və yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin, xüsusilə də təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatlar və onların simulyasiyalar zamanı təcrübədə tətbiqi öyrədildi.

Sözügedən təlimlər Amerika Kardiologiya Assosiasiyasının və Amerika Pediatriya Akademiyasının "Yenidoğulmuşların Reanimasiyası Proqramı"nın əsasında tərtib edilmiş, Səhiyyə Nazirliyi tərəfindən isə təsdiq edilmiş “Yenidoğulmuşların reanimasiyası” dərsliyi əsasında aparıldı. İki hissədən ibarət olan təlim kursunun praktik hissəsi neonatal reanimasiya sahəsində istifadə edilən aidiyyəti yeni texnologiyaların öyrədilməsi üçün məşğələlər formatında İSİM-in xüsusi avadanlıq və manekenlərlə təchiz olunmuş Təlim Mərkəzində keçirilib.

14 Oktyabr 2016
Bu mətn 5844 dəfə oxunub