Baza Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirilib

  01.11.2016-cı il tarixində 2 nömrəli Baza Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirilib. Konfransda çıxış edən müəssisənin rəhbəri Dilarə Məmmədəliyeva bildirib ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət orta ixtisas təhsil müəssisəsidir və onun təsisçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir.

2 nömrəli Bakı Baza Tibb Kolleci 1975-ci ildən fəaliyyət göstərir. Kollecdə 7 ixtisas üzrə (mamalıq, feldşer, tibb bacısı, diş texniki, sanitar-feldşer, əczaçı və feldşer-laborant), orta tibb kadrların hazırlığı və onların təkmilləşməsi prosesi həyata keçirilir.

Kollec Baza statusuna görə respublikada fəaliyyət göstərən digər 10 kollecə metodik köməklik göstərir: hazırlanmış və təsdiq olunmuş tədris-metodik sənədləri, tədris planları, fənn proqramları, metodik tövsiyələrlə təmin edir.

2 nömrəli Bakı Baza Tibb Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2013-cü ildə akkreditasiya olunub. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququnu təsdiq etmişdir.

Konfransda bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş bir sıra proqramlar, konsepsiya və əsasnamələrə əsasən kollecdə təhsilin məzmununa, müəllim hazırlığına və tələbələrin qiymətləndirilmə sisteminə yenidən baxılmış bir sıra yeniliklər tətbiq edilmişdir.

Kollecin müəllimləri tərəfindən son 3 ildə 9 dərs vəsaiti hazırlanıb tələbələrin istifadəsinə verilmişdir.

Tələbələrin ədəbiyyat probleminin həlli eyni vaxtda dərsliklərin çapı və dərcinə xeyli vəsaitin qənaəti məqsədi ilə kollecdə elektron kitabxana yaradılmışdır. Beləki, müəllimlər tərəfindən 7 ixtisas və tədris olunan 76 fənn üzrə mühazirə və təcrübə mövzuları kompüterin yaddaşına yazılmış, CD-disklərə köçürülüb tələbələrin istifadəsinə verilmişdir. Yazılmış mühazirələr tədricən yenilənərək müasir elmi yeniliklər, illüstrasiya o cümlədən hərəkətli görünüşlərlə zənginləşdirilir. Dərs vəsaitlərindən və CD-disklərindən nəinki tələbələr hətta tibb sahəsində çalışan orta tibb işçiləri də istifadə edir.

Daim kollecin maddi texniki bazası möhkəmləndirilir, müasir texniki vasitələrlə təmin edilir, əyani vəsait, təlim avadanlıqları ilə zənginləşdirilir, ixtisas fənləri üzrə təcrübə dərsləri təkcə kollecin kabinet və laboratoriyalarında deyil Səhiyyə Nazirliyinin əmri ilə kollecin tədris bazası sayılan bir sıra klinik xəstəxanalarında, doğum evlərində tədris olunur. Bundan başqa tətbiq olunmuş sürətli internet vasitəsilə müəllimlər və tələbələr elmin inkişafından müxtəlif ölkələrin təcrübəsindən məlumat əldə edə bilirlər.

Dünyanın bir çox qabaqcıl ali və orta ixtisaslı müəssisələrində olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 354 nömrəli qərara uyğun olaraq kollecdə təhsil kredit sistemi ilə aparılır.

Bu sistem tədris planlarının şəffavlığını təmin etməklə, təhsil proqramlarının ölkə daxilində və xaricində akademik tanınmasına imkan verir, tələbələrə digər təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır.

Ümumiyyətlə tələbənin sosiallaşmasına geniş imkan yaranır. Kredit sistemində təhsil alan tələbənin diplomu beynəlxalq səviyyədə tanınır, digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır.

Kollecdə tələbələrə kömək göstərmək məqsədilə “Qiymətləndirmə və monitorinq” bölməsi, akademik məsləhətcilər (tyutorlar) xidməti təşkil olunub.

Tələbələrin biliyini qiymətləndirilməsinə gəldikdə köklü dəyişikliklər aparılmışdır.

Tələbə biliyinin yeganə meyar olduğuna əmin olmalı və hansı formada təşkil olunmasına baxmayaraq ilk növbədə şəffav və obyektivlik təmin olunur.

İmtahanlar iki formada keçirilir: yazılı və test üsulu ilə.
Yazılı imtahan zamanı tələbələr kodlaşdırılmış blanklarda 5 suala cavab verir. Cavablar ixtisasçı müəllim tərəfindən yoxlanılır və topladığı bal fənbirləşmə komissiyasının sədri tərəfindən təsdiqlənir.

2015-ci ildən “Virtual Test Sistemi” lahiyəsi uğurla tətbiq edilir. Virtual test mərkəzində 35 kompüter quraşdırılaraq ümumi server vasitəsi ilə idarə edilir. Bu mərkəzdə bir gündə 200 tələbə imtahan verə bilir. İmtahan prossesində tələbə monitorda gördüyü sualın düzgün cavabını kompüterdə işarə edir və imtahanın sonunda topladığı balı bilir.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək negativ halları aradan qaldırmaq məqsədilə “Münaqişə komissiyası” və “Qaynar xətt” xidməti təşkil olunub.

Tələbələrin istedad potensialını müəyyənləşdirmək üçün bilik olimpiadaları, elmi – təcrübi konfranslar, seminar – müşavirələr, açıq dərslər və müsabiqələr (“Ən yaxşı feldşer”, “Ən yaxşı tibb bacısı” və s.) keçirilir. Bundan başqa klinikalarda çalışan praktiki həkimlərin, xarici ölkələrin həkim və texnikləri tərəfindən də konfrans, seminarlar, yarışların aparılması təşkil olunur.

Kollecimizin bir şöbəsidə orta tibb işçilərinin ixtisasartırma və təkmilləşdirməsidir. Burada 7 ixtisas üzrə kurs və 20 yaxın tematik kurslar keçirilir. Müdavimlər üçün bütün ixtisaslar üzrə yeni proqramlar tərtib və təsdiq olunub. 2015-1016-cı tədris ilində 8280 dinləyici ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib.

Səhiyyə Nazirliyinin göstərişinə əsasən Respublikanın müxtəlif rayonlarında səyyar kursların keçirilməsi müəyyənləşdirilmişdir. Səyyar kurslarda dərs aparmaq üçün şöbənin müəllimləri rayonlara rəhbərliyin göstərişi ilə ezam olunurlar.

2016-cı ildən etibarən İKT-dan istifadə edib səyyar kursların keçirilməsində distant təhsil tətbiq olundu. İlk olaraq distant təhsil Salyan MRX-da təşkil olunub. Distant təhsilin müsbət cəhətləri: öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq şəklində uzaq məsafədən həyata keçirilməsi, ezamiyyə xərclərinin azalması. Digər rayonlarda da distant təhsilin aparılması planlaşdırılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə orta tibb işçilərinin sertifikasiya imtahanlarının test suallarının hazırlanması kollecimizin müəllimlərinə tapşırılmışdır. Belə ki, orta tibb işçilərinin peşəkarlıq səviyyəsini yoxlamaq üçün kollecin müəllimlərindən yaradılan işçi qrup tərəfindən hazırlanmış testlər düzgün izahlı cavablarla tam şəkildə tərtib edilmişdir. 8000-dən çox test tapşırıqları, situasion məsələlər hazırlanıb və sertifikasiya mərkəzinə təqdim olunub. Mütəmadi olaraq yeni testlər əlavə olunur.

İxtisaslarını artırmaq məqsədi ilə sistematik olaraq müəllimlərimiz kurslarda, seminarlarda, treninqlərdə iştirak edirlər.

Aktual mövzulardan olan QİÇS, narkomanlıq, qeyri dinlərə aludəçilik və digər bəlaların yaranma səbəbləri və aradan qaldırılması yollarına həsr olunmuş tədbirlər, konfranslar keçirilir.

Kollecdə “Şəfa” rəqs ansamblı, şən və hazırcavablar qrupu, intellektual gənclər klubu kimi yaradıcı özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Bir sözlə tibb elminin sirlərinə dərindən yiyələnmək və orta tibb işçisinin hərtərəfli inkişafı üçün tələbələrə istənilən imkanlar yaradılır.

1 Noyabr 2016
Bu mətn 893 dəfə oxunub