Respublika Talassemiya Mərkəzində ilin yekunlarına dair tədbir keçirilib

 14.12.2016-cı il tarixində Respublika Talassemiya Mərkəzində ilin yekinlarına dair hesabat tədbiri keçirilib. Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafla yanaşı həyata keçirilən sosial-yönümlü tədbirlər nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Vurğulandı ki, son illərdə Azərbaycan Səhiyyəsində əldə olunan nailiyyətlər aparılan məqsədyönlü islahatların uğurlu nəticəsidir. Bu uğurları talassemiya xəstəliyinin müalicə və profilaktikasında görmək olar.

Talassemiya xəstəliyi geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir.

“2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı”nda müalicə tədbirləri ilə yanaşı əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin, perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənmişdir.

Respublikamızın birinci xanımı, H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkənlərə lazımi müayinə və müalicələr yüksək səviyyədə aparılır.

Hazırda Mərkəzdə dispanser qeydiyyatda olan 2862 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur.

2016-cı il ərzində Respublika Talassemiya Mərkəzinə 21009 müraciət olmuşdur. Bunlardan 2749 ilkin müraciət etmiş şəxslərin 276 nəfəri dispanser qeydiyyata götürülmüşdür.

Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.

Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə almışdır.

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində 2016-cı ildə 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilmişdir.

Ümumilikdə 2014-cü ildən indiyədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilmişdir. Sevindirici haldır ki, cari ilin aprel ayında EBMT-nin Valensiya şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilmişdir.

Mərkəzin ümumi laboratoriyasında il əzində 17500 nəfər proqram çərçivəsində müayinələrdən keçmişdir. Bundan əlavə 217 nəfərdə HLA uyğunluq müayinəsi aparılmışdır.

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynamışdır. Beləki aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. 2016-cı il ərzində 134656 nəfər müayinədən keçmişdir. 4358 nəfərdə daşıyıcılıq aşkarlanmışdır. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınmışdır ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilmişdir.

Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə” dövlət proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.

14 Dekabr 2016
Bu mətn 1042 dəfə oxunub