Qubada Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

  Görkəmli alim və dövlət xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120-ci ili tamam olur. Onun milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çox şaxəli fəaliyyəti və müstəsna xidmətləri xüsusilə vurğulanmalıdır.

Ə.Əliyevin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanınmasında müstəsna rolu olmuşdur. Onun şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.

O, institutun rektoru vəzifəsində çalışmış və hal-hazırda institut Əziz Əliyevin adını daşıyır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kollektivi bu tədbirlərdə yaxından iştirak edəcəkdir. Həmin silsilə tədbirlərdən birincisi -Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans 2016-ci ilin dekabrın 27-də Quba şəhərində keçirilmişdir. Konfransı giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımov açıb. Rektor qeyd edib ki, xalqımız öz şərəfli tarixini müşahidə edərkən Vətəninə, xalqına sadiq olan şəxsləri çox incəliklə və qayğı ilə yada salır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi rolu var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini Respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəltmişdir. Əziz Əliyev 1959-cu ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi fəaliyyət göstərmiş, ömrünün sonuna qədər bu institutun rektoru olmuşdur. Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirərək tək Azərbaycanın yox bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunmuşdur.

İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanmış, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilmişdir. Milli kadrların - adlı-sanlı alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir.

Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olundular. İnstituda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edildi. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerlaşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edildi. İnstitut respublikada əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrildi.

Ə.Əliyevin elmi fəaliyyəti də geniş olmuşdur. Beləki, o 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmiş və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən Respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləmişdir. Həmin dövrdə həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk «Klinik analizlər» dərsliyini ana dilimizə nəşr etdirib. 1937-ci ildə Əziz Əliyev «Eksperimental nefrit» doktorluq dissertasiyasını müdafiə edir. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Kəskin nefritin patogenezində allergik nəzəriyyənin əsaslandırılması xəstəliyin müalicəsində spesifik və qeyri-spesifik terapiyanın seçilməsinə imkan verirdi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına laiq görülmüşdür. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.

Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O, istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilmişdi. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır. Həmin medalyon hal-hazırda Azərbaycanın Tarix Muzeyində saxlanılmaqdadır. 1960-cı ildə Əziz Əliyevə «Azərbaycan SSR əməkdar həkimi» fəxri adı verilir. O, I-II çağırış SSRİ Ali Sovetinin deputatı, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Əziz Əliyevin iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edilmişdir.

1962-ci ilin 27 sentyabr tarixində institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Əliyevin adı verilmişdir. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılanıb.

Qeyd etmək lazımdır ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzində dayanır.

Artıq uzun illərdir institutumuzda Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransların keçirilməsi bir ənənə halı almışdır.

Sonra konfransda institutun əməkdaşları t.e.d. Qafarov T.Ə.,dosent Quliyeva Z.M. çıxış edərək Ə.Əliyevin dolğun və mənalı həyat yolundan, elmi-siyasi fəaliyyətindən danışdılar.

Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi. Oftalmologiya kafedrasının professoru Rasim Hacıyev, urologiya kafedrasının professoru Eldar Hüseynov, otorinolarinqologiya kafedrasının dosenti Akif Əfəndiyev, mamalıq və ginekologiya kafedrasının dosenti Mehman Həmzəyev, sosial gigiyena və səhiyyənin təşkili kafedrasının assistenti Famil Musayev, oftalmologiya kafedrasının rezidenti Gülxanim Məmmədova, onkologiya kafedrasının rezidenti Zülfiyyə İmamquliyeva təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxış etdilər.

Konfransda Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, Quba rayonunun tibb ictimaiyyəti nümayəndələri iştirak etdilər. Məruzələr maraqla dinlənildi, mövzular ətrafında diskussiyalar aparıldı.

27 Dekabr 2016
Bu mətn 345 dəfə oxunub