Azərbaycanlı mütəxəssis Tbilisidə elektron səhiyyəyə həsr olunmuş konfransda çıxış edib

  Tbilisidə “Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında “Rəqəmsal bazarların uyğunlaşdırılması” təşəbbüsü çərçivəsində konfrans keçirilib. Elektron səhiyyə mövzusuna həsr olunmuş iclasda Azərbaycan nümayəndə heyəti iştirak edib.

Səhiyyə Nazirliyinin İnformasiyalaşdırma Mərkəzinin məsul əməkdaşı Emin İsmayılov “Azərbaycanda səhiyyənin informasiyalaşdırılması” mövzusunda məruzə ilə çıxış edib, ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı barədə məlumat verib.

Bildirilib ki, ölkəmizdə səhiyyənin informasiyalaşdırılmasına 2005-ci ildə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbulundan sonra başlanılıb. Müxtəlif dövlət proqramları qəbul olunub və nəticədə Azərbaycanda vətəndaşların sağlamlığı elektron kartı, həkimlərin elektron sertifikatlaşma sistemi, təcili tibbi yardımın dispetçer xidməti və digər xidmətlərin elektron sistemləri yaradılıb.

Onun məruzəsi maraqla qarşılanıb və Azərbaycanda səhiyyə sisteminin inkişafı istiqamətində atılan addımlar müsbət qiymətləndirilib.

İclasda Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığına daxil olan 6 ölkə arasında ticarət əlaqələrinin rəqəmsallaşdırılması və uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olub.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, Regional İnnovativ Texnologiyalar Akademiyasının üzvü Tofiq Babayev jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan bu təşəbbüsə qoşulduqdan sonra müəyyən olunmuş istiqamətlər üzrə bir sıra tədbirlər görüb və bu işlər bu gün də davam etdirilir.

T.Babayevin sözlərinə görə, bu gün Şərq Tərəfdaşlığı ölkələrinin Avropa İttifaqı ilə ticarət əlaqəsi olan iş adamları arasında müəyyən problemlər yaşanır. İclasda həmin problemlərin həlli yollarına baxılıb, mal mübadiləsinin rəqəmsal həyata keçirilməsi məsələləri müzakirə olunub.

24 Fevral 2017
Bu mətn 1976 dəfə oxunub