2017-ci ilin aprel ayında nikaha daxil olmaq istəyən 9653 nəfər tibbi müayinədən keçirilmişdir

  Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin aprel ayının sonuna qədər müayinədən 268174 nəfər keçmişdir. Aprel ayı ərzində isə 9653 nəfər müayinədən keçmişdir.

1 iyun 2015-ci il – 30 aprel 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunmuşdur. Cari ilin aprel ayı ərzində müayinədən keçmiş 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunmuşdur.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılmışdır.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

17 May 2017
Bu mətn 68 dəfə oxunub