Respublika Neyrocərrahiyyə Xəstəxanasında mətbuat konfransı keçirildi

  Respublika Neyrocərrahiyyə Xəstəxanasında bu gün mətbuat konfransı keçirildi. Səhiyyə Nazirliyini təşkilatçılığı ilə təşkil olunmuş konfransda baş həkim K.Dadaşov və neyrocərrahları iştirak edirdilər.

Media nümayəndələrinə məlumat verən baş həkim bildirdi ki, ölkə başçısının paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanıb və 2012-ci ildə istifadəyə verilib.

Respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı surətdə yenidən qurulmuş, dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunmuşdur. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi və 440 tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyə otağı yaradılıb. Burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılıb, dörd neyrocərrahiyyə şöbəsi, o cümlədən uşaq neyrocərrahiyyə və digər köməkçi bölmələr fəaliyyət göstərir.

Burada spinal neyrocərrahiyyə, baş-beyin, nevrotravma, uşaq neyrocərrahiyyəsi, anesteziologiya-reanimasiya və intensiv terapiya, əməliyyat bloku, laboratoriya, şüa diaqnostikası, qəbul-diaqnostik, fizioterapiya və tibbi bərpa, transfuzioloji kabinet, aptek və qida blokları fəaliyyət göstərir.

Müəssisədə 79 həkim fəaliyyət göstərir ki, onlardan da 27 neyrocərrah dünyada ən ağır hesab olunan bütün növ nevroloji əməliyyatları xəstəxanada icra edirlər.

Tibb müəssisəsində kadr hazırlığına xüsusi yer ayrılıb. Belə ki, hər il onlarla mütəxəssis peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə dünyanın ən tanınmış tibb müəssisələrinə göndərilir, ixtisas artırma kurslarında iştirak edirlər. Xəstəxananın mütəxəssisləri müxtəlif beynəlxalq seminarlarda, simpoziumlarda iştiraklar edir, məruzələrlə çıxışlar edirlər.

Hesabat xarakterli məlumatlara toxunan baş həkim vurğuladı ki, ötən il ərzində 2100 əməliyyat icra olunub, onlardan 129 əməliyyat təxirəsalınmaz, 1982 əməliyyat isə planlı əməliyyatlar olub. 10850 xəstəyə yüksək səviyyədə ambulator yardım göstərilib. Bu ilin 6 ayı ərzində isə əməliyyatların sayı 1014, ambulator müraciətlərin sayı 5511-dir.

K.Dadaşov 27 neyrocərrahın üzərinə çox böyük məsuliyyət düşdüyünü də nəzərə çatdırdı. Bildirdi, onlar Bakı şəhərində fəaliyyət göstərən bütün tibb müəssisələrinə gedir, konsultasiyalar yerinə yetirir, lazımi tibbi müdaxilələr edirlər. Neyrocərrahlar eyni zamanda sanaviasiya vasitəsi ilə respublikanın istənilən bölgəsinə ezam olunur, bəzən gün ərzində 2-3 çağırışlar yerinə yetirirlər. Hazırda xəstəxanada yüksək səviyyədə hər cür nevroloji əməliyyatlar icra olunur.

19 İyul 2017
Bu mətn 491 dəfə oxunub