Sertifikasiya imtahanları uğurla icra olunur

  Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam etdirilir.

Ölkə başçısının 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq 01.01.2017 – 31.10 2017-ci il tarixləri ərzində sertifikasiya imtahanı vermək üçün 4323 ali və 7111 orta ixtisas dərəcəli tibb işçisinə sertifikasiya imtahanı vermək üçün buraxılış verilmişdir. Qeyd edilən tarixlərdə 3304 ali və 5202 orta ixtisas dərəcəli tibb işçisi imtahandan keçmişdir.

Test imtahanlarında iştirak edənlərin əksəriyyəti Terapiya, Pediatriya, Stomatologiya, Cərrahiyə ixtisasları üzrə müraciət edənlərdir.

Orta tibb işçiləri üzrə isə tibb bacısı, mama və feldşer ixtisasları üstünlük təşkil edir.

Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb olunur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilmişdir. Bu Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

Davamlı tibbi təhsil– praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesi olub, ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.

Davamlı tibbi təhsil təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə yaxud ayrılıqda istifadə edilməklə həyata keçirilir və onun zəruri miqdarının hesablanması davamlı tibbi təhsilin kreditləri vasitəsilə həyata keçirilir. Təkmilləşdirmə kursları Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən əyani və distant formada keçirilir. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditə olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.

6 Noyabr 2017
Bu mətn 135 dəfə oxunub