Gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilməsi humanist addımdır

  07.11.2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilməsi ilə bağlı brifinq keçirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilmişdir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na "Gözün buynuz qişası" əlavə edilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilən brifinq zamanı Mərkəzin uşaqlarda gözün patologiyası şöbəsinin müdiri Fərəh Abduləliyeva üç mindən artıq xəstənin bu əməliyyatın icrasını gözlədiyini bildirib. Bunların təxmini 20 faizi uşaqlardır. F.Abduləliyeva qeyd etdi ki, Milli Oftalmologiya Mərkəzində müalicə alan bir çox insan uzun illərdir ki, bu əməliyyatın ölkəmizdə icra olunmasına dövlətimiz tərəfindən icazə verilməsini arzu edir. Həkimlər ölkə başçısı tərəfindən imzalanan fərmanı humanist addım kimi qiymətləndirirlər. Bu fərmandan faydalanaraq görmə qabiliyyətini itirmiş insanlara yenidən işıq bəxş etmək, onları fəal həyata qaytarmaq imkanı yaranır.

Buynuz qişalarının gətirilməsi nəzərdə tutulan ölkələrin donor bankları ilə danışıqlar aparılıb, razılıq əldə olunub. Hazırda sənədləşdirmə işləri aparılır və yaxın bir neçə həftə ərzində Azərbaycana gözün buynuz qişası gətiriləcək. İlk mərhələdə bu əməliyyat təcili ehtiyacı olanlara icra olunacaq.

8 Noyabr 2017
Bu mətn 101 dəfə oxunub