Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin profilaktikasına dair simpozium keçirilib

  2017-ci il noyabrın 4-də Lənkəranda Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən “Azərbaycanda ürək-damar sistemi xəstəliklərinə qarşı mübarizə proqramı” layihəsi çərçivəsində regional kardiovaskulyar simpozium keçirilib. Beynəlxalq mütəxəssislərin də iştirak etdiyi “Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsində yeniliklər” mövzusunda simpoziumda maraqlı mövzularda təqdimatlar olub.

Giriş sözü ilə çıxış edən millət vəkili, Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, t.ü.e.d. Rəşad Mahmudov bildirib ki, simpoziumun keçirilməsində əsas məqsədi regionlarda fəaliyyət göstərən həkimlərin təkmilləşdirilməsi, əhalinin ürək-damar sistemi xəstəlikləri haqqında tibbi maarifləndirilməsidir. R.Mahmudov çıxışında təcili vəziyyətlərdə ürək infarktı zamanı insanlara lazım olan xidmətin qısa müddət ərzində təşkili, qəfləti ürək ölümü, səyrici aritmiyanın diaqnostikası və müalicəsi, bayılma, ürəyin xronik işemik xəstəliyi, intervensiya tələb edən kliniki hadisələr və ürək-damar sistemi xəstəlikləri ilə bağlı digər mövzulardan da danışıb.

Daha sonra Bakı Ürək Mərkəzinin həkim-mütəxəssislərinin təqdimatları olub. “Kəskin miokard infarktı zamanı ilkin angioplastika”, “Hipertoniya xəstəliyi – səssiz qatil” mövzusunda invaziv kardioloq Şahin Xəlilov, “Anadangəlmə ürək-damar xəstəliklərinə ümumi baxış” mövzusunda pediatrik kardioloq Mədinə Yüzbaşova, “Endovaskulyar İntervensiyalar” mövzusunda invaziv radioloq Ağakişi Yəhyayev və “Ürək-damar xəstəlikləri və diabet” mövzusunda isə terapevt-endokrinoloq Xəyyam Eyvazov çıxış edib. Təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

7 Noyabr 2017
Bu mətn 84 dəfə oxunub