Mərkəzi Neftçilər Xəstəxanasında jurnalistlər üçün brifinq keçirilib

  Dekabrın 13-də Mərkəzi Neftçilər Xəstəxanasında jurnalistlər üçün brifinq keçirilib. Brifinqdə inkişaf etmiş dövlətlərdə tətbiq edilən və ilk dəfə Azərbaycanda həyata keçirilən çarpaz əməliyyat haqqında məlumat verilib.

Əməliyyatı icra edən transplıntoloq Mircəlal Kazımi bildirdi ki, dünyada ən ağır cərrahiyyə əməliyyatlarından biri hesab edilən qaraciyərin transplantasiyası üzrə Qafqazda, Orta Asiyada və Qazaxıstanda ilk əməliyyat 2008-ci il dekabrın 12-də Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və orqan transplantasiyası” şöbəsində aparılıb.

Mərkəzi Neftçilər Xəstəxanasında belə bir şöbə yaradılmazdan əvvəl xəstəxananın bir qrup həkimi Türkiyə, Yaponiya və Böyük Britaniyada müvafiq təlim keçərək ölkəmizə qayıtmışdı. Bizim mütəxəssislərin əldə etdiyi nəticələr dünya standartlarına uyğundur. Bunun məntiqi nəticəsidir ki, indiyə qədər Mərkəzi Neftçilər Xəstəxanasında 500-ə yaxın böyrək və qaraciyər transplantasiyası əməliyyatı aparılıb. Cari ilin əvvəlindən burada 76 böyrək transplantasiyası və 9 qaraciyər transplantasiyası əməliyyatı icra edilib.

Əməliyyat olunmuş xəstələrin 22 faizi uşaqlardır. Onlardan ən kiçiyinin 5 yaşı var. Bundan əlavə, böyrək transplantasiyası və qaraciyər transplantasiyası əməliyyatları aparılması üçün MNX-yə müraciət edənlər arasında bir Qazaxıstan vətəndaşı və doqquz Gürcüstan vətəndaşı var.

Cari ildə əməliyyatdan sonra ölüm halları qeydə alınmayıb.

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirmə Şurasının üzvü, MNX-nin “Cərrahiyyə və orqan transplantasiyası” şöbəsinin müdiri, M.Kazımi, Mərkəzi Neftçilər Xəstəxanasının nefroloqu E.Fərəcov və MNX-nin cərrah-transplantoloqu E.Əhmədov tədbirdə çıxış ediblər.

Onlar qeyd ediblər ki, transplantologiya təbabətin Azərbaycan üçün yeni sahəsi deyil. Hələ 1971-ci ildə akademik Mirməmməd Cavadzadə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq uğurla böyrək köçürülməsi əməliyyatı aparıb. Lakin bir sıra səbəblər üzündən, 2000-ci illərin əvvəlinə qədər Azərbaycan səhiyyəsində böyrək və qaraciyər transplantasiyası əməliyyatları aparılmasında fasilə yaranıb.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bütün dünyada donor qıtlığı, xəstələrin və donorların sayı arasında qeyri-mütənasiblik səbəbindən bu problemin həllinin səmərəli üsullarından biri orqanların çarpaz transplantasiyasıdır. Bu metod qan qrupu onlara müvafiq olan donor tapmayan insanların həyatını xilas etməyə kömək edir, belə cütlüklər orqanlarını bir-birinə verirlər. Bu, əsas etibarı ilə ikinci və üçüncü qan qrupuna aid xəstələri əhatə edir. Məsələn, bu il avqust ayında MNX-da Azərbaycanda ilk dəfə orqanların çarpaz transplantasiyası əməliyyatı uğurla yerinə yetirilib. Dünyada belə əməliyyatlar nadir hallarda aparılır. Birinci xəstə böyrək çatışmazlığı ilə əlaqədar xəstəxanaya müraciət edəndə ona böyrək köçürülməsinin zəruri olması aşkar edilib. Bu xəstənin həyat yoldaşı onun üçün donor qismində çıxış edirdi, lakin məlum oldu ki, onların qan qrupları eyni deyil. Bu halda onlara eyni problemlə üzləşmiş başqa bir xəstə ilə çarpaz transplantasiya aparılmasını, yəni donorların mübadilə olunmasını məsləhət gördülər. Hər iki ailə görüşdü, tanış oldu və çarpaz transplantasiya əməliyyatı aparılmasına razılıq verdi. Bundan sonra əməliyyata hazırlıq başlandı və bir neçə gündən sonra əməliyyat aparıldı. Donorların və xəstələrin vəziyyəti sabitləşib, onların sağlamlıqla bağlı heç bir problemləri yoxdur və onlar evə yazılıblar.

Ölü donorun orqanlarının transplantasiyası mövzusuna da toxunulub.

Qeyd edilib ki, hazırda insan orqanlarının və toxumalarının transplantasiyası haqqında qanuna dəyişikliklər edilir, çünki canlı donorlardan yalnız böyrəyi və qaraciyəri köçürmək olar. Bu halda həmin orqanlar pasiyentlərə yalnız onların yaxın qohumlarından köçürülür.

Donorun fiziki sağlamlığı çox mühüm məsələdir. Bəzi hallarda hətta ən yaxın qohumların böyrəkləri və qaraciyəri pasiyentlər üçün münasib olmur. Buna görə də Azərbaycan transplantologiyasında əsas problemlərdən biri müvafiq orqan tapmaqdır. Bir sıra məsələlər qanunvericilik yolu ilə tənzimlənir, buna baxmayaraq transplantologiyada sosial, psixoloji və hüquqi xarakterli nüanslar az deyil.

Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.

14 Dekabr 2017
Bu mətn 457 dəfə oxunub