Zərifə Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

  Azərbaycan Tibb Universitetində (ATU) dahi elm adamı, tanınmış oftalmoloq Zərifə Əliyevanın ölkəmizin səhiyyəsinin inkişafındakı roluna həsr edilən toplantı keçirilib. ATU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə təşkil olunan tədbirdə Universitetin müalicə və tədris işləri üzrə prorektoru Sabir Əliyev çıxış edərək Azərbaycanın görkəmli oftalmoloqu haqqında iştirakçılara məlumat verdi.

S.Əəliyevin sözlərinə görə, akademik Zərifə Əliyeva peşəkar həkim və alim olması ilə yanaşı, həm də görkəmli ictimai xadim olub: “Zərifə xanım Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi -Ana adıdır”.

ATU-nun Patoloji fiziologiya kafedrasının Dosenti Sərdar Əliyev görkəmli alimin Azərbaycanda tibbin inkişafına verdiyi tövhələrdən danışıb. “Zərifə xanım gənclərimiz üçün mənəvi paklıq nümunəsidir. O, insanlara örnək olan mənəvi baxımdan zəngin bir həyat yaşayıb. Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi ilə, ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaq. O, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində əbədi qalacaq”.

Tədbirin ikinci hissəsində Z.Əliyeva ilə yanaşı, tanınmış həkim və ictimai xadimlər Nəriman Nərimanov, Əziz Əliyev haqqında tələbələrə məlumatlar verildi.

Qeyd edək ki, “Zərifə Əliyeva – nur bəxş edən alim!” mövzusundakı bu toplantı Azərbaycan Respublikası Prezdidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib. Layihə ATU-nun Tələbə Gənclər Təşkilatının II müalicə-profilaktika fakültəsi üzrə sədri Fidan Bəylərovanın ideyası nəticəsində reallaşıb.

25 Dekabr 2017
Bu mətn 647 dəfə oxunub