Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz şəhərində olub

  Yanvarın 5-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Füzuli rayonunun Horadiz şəhərində oftalmoloji aksiya keçirib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin nümayəndəsi, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, 1993-cü ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalan və Azərbaycan Milli Ordusunun 1994-cü il yanvarın 5-də keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilən bir məkanda aksiyanın keçirilməsi təsadüfi deyil. "Bu tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə Horadizlə bağlı qələbə imzası Ulu Öndərə məxsusdur. Ümummilli liderin Ali Baş Komandanlığı, xeyir-duası ilə başlanan Horadiz əməliyyatı hərb tariximizə şanlı səhifə kimi yazılıb. Bu gün Ulu Öndərin siyasi xəttini davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən Horadizdə böyük quruculuq işləri həyata keçirilib və keçirlməkdədir. Düşmən tərəfindən dağıdılan şəhər bu gün özünün inkişaf dövrünü yaşayır”.

Mərkəz yalnız paytaxt Bakıda deyil, respublikanın bir çox şəhər və kəndlərində pasiyentlərə tibbi xidmət göstərir. Bu məqsədlə də Səyyar Klinika indiyədək, Tovuz, Gədəbəy, Xaçmaz kimi onlarla rayon və şəhərdə pasiyentlərə dəstək olub. Səyyar Klinikanın əməkdaşları yalnız müayinə və müalicələrlə kifayətlənmir, bəzən yerindəcə əməliyyatlar da aparılır.

Qeyd edək ki, Horadizdə keçirilən aksiya zamanı 200-dan çox vətəndaş müayinə edilib, 20 xəstənin gözləri əməliyyat olunub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının növbəti səfərinin Cocuq Mərcanlı kəndinə planlaşdırılır.

9 Yanvar 2018
Bu mətn 423 dəfə oxunub