“Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib

 Azərbaycan Tibb Unievrsietetinin (ATU) Əczaçılıq kimyası kafedrası tərəfindən keçirilən silsilə metodik konfranslar davam edir. “Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans 29.01.2018-ci il tarixində baş tutub.

Kafedranın müdiri, əczaçılıq elmləri doktoru, prof. Tahir Süleymanovun sözlərinə görə, bu, artıq sayca 10-cu bu tip seminardır. Seminarın mövzusu təsadüfi seçilməyib: “Məlum olduğu kimi, müasir əczaçılıq analizini spektrometrik üsullar olmadan ifadə etmək mümkün deyil. Son 10 il ərzində bütövlükdə əczaçılıq analizinə həsr olunmuş elmi-tədqiqat işlərinin yalnız 10 faizə qədəri, bəzi ədəbiyyatlarda 7 faizə qədərində kimyəvi cəhətdən əsaslandırılmış üsullardan istifadə olunub”.

T.Süleymanovun sözlərinə görə, seminarlar zamanı tədris mövzularının seçilməsinin məqsədi müəllimlərin ixtisas səviyyəsini artırmaq, peşəkar kadrların təcrübəsindən gənc müəllimlərin hazırlanması zamanı istifadə etməkdir.

Professor Tahir Süleymanov çıxışı zamanı xatırlatdı ki, Əczaçılıq kimyası kafedrası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə 2015-2017-ci illərdə qrant layihəsi icra edib. Nəticədə kafedrada respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin yaradılması üçün müasir əczaçılıq laboratoriyası yaradılıb. Bu laboratoriya 3 hissədən ibarətdir: fitokimya, əczaçılıq texnologiyası və standartlaşdırma bölməsi. Yeni laboratoriyada tələbələrin yeni metodika üzrə dərs keçməsi üçün hər cür şərait yaradılıb. Laboratoriyaın standartlaşdırma bölməsində dərman preparatlarının standartlaşdırılması proseslərinin həyata keçirilməsi üçün görülən işlərin aparılması nəzərdə tutulub.

Daha sonra Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İsgəndərovun “fotometriyanın növləri” mövzusunda məruzəsi dinlənildi.

1 Fevral 2018
Bu mətn 563 dəfə oxunub