B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda tədbir keçirilib

  07.02.2018-ci il tarixində Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda ilin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva qeyd edib ki, ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi 1943-cü ildən fəaliyyət göstərir. Hal-hazırda İnstitut 3 hissədən ibarətdir: Klinika, Mərkəzi Qan Bankı və Elm bölməsi. Klinikanın tərkibinə böyüklər üçün 2 hematoloji şöbə, uşaq hematologiyası şöbəsi, reanimasiya və intensiv terapiya şöbəsi, konsultativ poliklinika şöbəsi, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktikası şöbəsi daxildir.

Qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir. Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən olüm hallarının 6-10%-nıı məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50% yaxın) malik olması diqqəti cəlb edir. Bir çox ölkələrdə olduğu kimi, onkohematoloji xəstəliklərlə mübarizə Səhiyyəmiz qarşısında duran ən vacib problemlərdən biridir.

Z.Əlimirzəyeva bildirdi ki, son zamanlar leykozların diaqnostikası və müalicəsində köklü irəliləyişlər müşahidə olunur. Bu ilk növbədə leykozların molekulyar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin hədəf terapiası üsullarının işlənib hazırlanmasına aiddir. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunmuşdur. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi, immunohistokimyəvi) həm xromosom (sitogenetik) həm də gen səviyyəsində (polimiraz zəncirvari reaksiya) müəyyən edilməsi təcrübədə tədbiq edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 11 noyabr 2016-cı il tarixli, 447 №-li qərarı ilə "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq etmişdir. Bu proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azalmasına yönəlmişdir.

2017-2021-ci illərdə qanın bədxassəli xəstəliklərinə düçar olmuş xəstələrin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi və xəstələrin qan komponentlərinə olan tələbatının ödənilməsi də Səhiyyə Nazirliyi qarşısında bir vəzifə olaraq müəyyən edilib. Bədxəsəli xəstəliklərin diaqnostikasının daha da təkmilləşdirilməsi, onlara göstərilən tibbi yardımın yaxşılaşdırılması, xəstələrin müalicəsində proqram çərçivəsində alınmış sitostatik və innovasion dərman preparatlarını istifadə etməklə müasir müalicə protokollarını həyata keçirmək, qanın bədxəsəli xəstəlikləri üzrə tibbi registrin yaradılması, xəstəliyin diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin kvalifikasiyasının artırılması, qanın bədxəsəli xəstəliklərinə dair maarifləndirmə işlərinin gücləndirilməsi, metodik vəsait və elmi ədəbiyyatların hazırlanması bir sözlə tədbirlər proqramı tərəfindən qarşıya qoyulmuş əsas vəzifələrin yerinə yetirilməsi Səhiyyə Nazirliyinin təşkilatçılığı və rəhbərliyi altında ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən həyata keçirilir. 2017-ci ildə Dövlət Proqramı çərçivəsində İnstitutumuzda yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya yaradılmışdır. Laboratroriya ən müasir avadanlıq və reaktivlərlə təhciz olunmuşdur, İmmunohistokimyəvi müayinələrin köməkliyi ilə qanın bədxəsəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Statistik məlumatlara görə hazırda Azərbaycan Respublikasında dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, o cümlədən qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir. İnstitutda müalicə alan bütün xəstələr Dövlət proqramı çərçivəsində ən müasir sitostatik və innovasion dərman preparatları ilə təmin olunur. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.

2017-ci ildə İnstituta müraciət edən vətəndaşların sayı 14082 olmuşdur. İlkin müraciətlərin sayı 4609 təşkil etmişdir. Hal-hazırda müəssisədə 27523 nəfər qan xəstəlikləri ilə (hemoblastozlar, irsi və qazanılmış anemiyalar, trombositopeniyalar, koaqulopatiyalar, hemorraqik vaskulitlər və digər qan xəstəlikləri) dispanser qeydiyyatındadır. Ümumilikdə keçən il ərzində ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri, (onların 603 nəfəri böyüklər 84 nəfəri isə uşaqlardır) aşkar olunmuş və dispanser qeydiyyata götürülmüşdür.

2017-ci ildə aparılan laborator müayinələrin sayı 329552 təşkil etmişdir. Bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar - genetik müayinələr daxildir.

İnstitutun nəzdində fəaliyyət göstərən bölmələrdən biri də Mərkəzi Qan Bankıdır. Məlumdur ki, qan xidməti tibb müəssisələrini qan və qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir. Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya və sairə kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın həyata keçirilməsi mümkün deyildir. Qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlər zamanı xüsusilə artır. Son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donoluq sahəsində köklü islahatlar aparılmışdır. Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilmişdir. Qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan tədarük edən müəssisələrinin sayı xeyli azalmış, bu isə donorların səmərəli istifadəsinə və donor qanının infeksiyalara yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaratmışdır.

Bununla yanaşı qan xidməti müəssisələri ən müasir avadanlıqlarla təmin edilmiş, bu isə komponent donorluğunun inkişafına və qanın infeksiyalara yoxlanılması üçün immunoferment üsuluna əlavə olaraq, polimeraz zəncirvari reaksiya üsüllarının (qanda virusun olmasının bilavasitə aşkar edilməsinə imkan yaradır) tətbiq edilməsinə imkan yaratmışdır. Transfuziyadan sonrakı immunoloji ağırlaşmaların qarşısını almaq məqsədilə Mərkəzi Qan Bankında (MQB) donor və resipiyentin uyğunluğunu təmin etmək üçün qanın seçilməsi və çarpaz reaksiyanın (kross-matç) aparılması da tədbiq edilmişdir.

Donorluğun təbliği sahəsində müasir üsüllardan istifadə edilməsi (MQB-ın WEB saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, kütləvi informasiya vasitələri ilə Çoxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi) ilbəil donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artmasına gətirib çıxarmışdır. 2017 ci ildə Mərkəzi Qan Bankı üzrə donor sayı – 44 957 nəfər, Respublika üzrə isə donor sayı 85 253 nəfər, tədarük edilən qanın miqdarı 40670,5 litr olmuşdur.

Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunmuşdur. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin olunmuşdur. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanmışdır. Görülən tədbirlər talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına gətirib çıxarmışdır.

Hazırki dövrdə əhali arasında talassemiyanın profilaktikası istiqamətində də kompleks tədbirlər aparılır. Bu məqsədlə Nazirlər Kabinetinin 28.04.2015-ci ildə 122 saylı qərarına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi işi başlanmışdır. Talassemiya ilə yanaşı evlənmək istəyən cütlüklər həm də QİÇS və sifilisə də yoxlanırlar.

2017-ci ildə nikahqabağı müayinədən 135 990 nəfər keçmişdir. Onlardan 3891-ində talassemiya daşıyıcılığı, 449-unda sifilis və 119-unda QİÇS təyin eilmişdir. Hər ikisində talassemiya daşıyicılığı olan çütlüklərin sayı 41 olmuşdur. Bu çütlüklərin 39-zu instituta müraciət etmişdir, 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılmışdır. Ümumilikdə isə proqram başlanandan bügünədək 373 680 nəfər müayinədən keçmişdir. Onlardan 14364-ündə talassemiya daşıyıcılığı, 1349-unda sifilis və 293-ündə QİÇS təyin eilmişdir. Hər ikisində talassemiya daşıyıcılığı olan çütlüklərin sayı 134 olmuşdur.

Bu çütlüklərin 86-sı instituta müraciət etmişdir, 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılmışdır, onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilmişdir.

9 Fevral 2018
Bu mətn 117 dəfə oxunub