Şəki rayonunda media-tur təşkil olunub

  Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi üçün mütəxəssislərin ezamiyyəti haqqında” əmrinə əsasən, bölgələrdə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək məqsədi ilə yüksəkixtisaslı mütəxəssislər regionlara ezam olunublar.

Artıq bölgələrdə yaşayan əhalinin tibbi müayinələrdən keçirilməsi üçün Bakıdan yüksəkixtisaslı mütəxəssislərin bölgələrə ezam olunur.

Növbəti belə qrup Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarına göndərilib. Səhiyyə Nazirliyinin bununla bağlı bölgəyə press-tur təşkil edib.

KİV nümayəndələri vəziyyətlə maraqlanıb, yüksək ixtisaslı həkimlərin fəaliyyəti ilə tanış olublar.

Həkim briqadasına Respublika Perinatal Mərkəzinin direktoru, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova rəhbərlik edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) jurnalistlərlə görüşündə S.Məmmədova bu il regiolanlarda əhalinin pulsuz müayinəsini üçün 4 briqada yaradıldığını bildirib. Qruplar Lənkəran, Şəki, Gəncə və Qubada fəaliyyət göstərəcək. Hər briqadanın tərkibində Bakının aparıcı səhiyyə müəssisələrinin baş mütəxəssisləri yer alıb.

Baş mama-ginekoloqun sözlərinə görə, son illər Şəkidə ana ölümü qeydə alınmayıb. Bu da doğuşayardım müəssisələrinin keyfiyyətli xidmət göstərməsi ilə bağlıdır: “Bu gün ölkənin ən ucqar kəndində yaşayan qadınların belə doğuşuna cavabdeh şəxslər var. Hamilə qadının kənddən şəhərə getməsi vacib deyil. Həkimlər ayda 1-2 dəfə kəndlərə gedərək dövri müayinəni həyata keçirirlər”.

Şəki RMX-nin baş həkimi Azad Novruzov əhalinin tibbi müayinəsi prosesilə bağlı məlumat verib. Onun sözlərinə görə, 18 yaşdan yuxarı 84 137 nəfərin müayinədən keçirilməsi nəzərdə tutulub: “Bu məqsədlə MRX-nın Poliklinika şöbəsində 5 terapevtik kabinet, laboratoriyalar, 5 ultrasəs müayinəsi kabineti, 2 elektrokardioqrafiya endoskopiya, 2 rentgen kabineti, bütün dar ixtisaslı mütəxəssislərin kabineti fəaliyyəti göstərir. Artıq bu günə qədər 5 783 nəfər tibbi müayinədən keçib, 445 nəfər ambulator müalicəyə qəbul olunub, 16 nəfər isə Bakıya göndərilib”.

Baş həkim vurğulayıb ki, bəzi xəstələrin diaqnozunun dəqiqləşdirilməsi, daha da ixtisaslı müalicə və müayinə məqsədi ilə xəstəxananın stasionarında fəaliyyət göstərən həkimlərin xidmətindən istifadə olunacaq: “Ehtiyac yaransa, xəstələr Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndəriləcək. Əhalinin tibbi müayinəsi qrafik əsasında aparılır. Qeyd olunan müddət ərzində Şəki şəhəri də daxil olmaqla 70 məntəqənin əhalisi müayinə olunacaq”.

Tədbirdə iştirak edən Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov 34 kəndin əhalisinin tibbi müayinədən keçiriləcəyini vurğulayıb. Baş həkimin sözlərinə görə, müayinə aylığı müddəti ərzində 0-17 yaşdan yuxarı yaş qrupu üzrə 31 582 nəfər rayon sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Fevralın 12-dən bu günə kimi ümumilikdə 3504 nəfər müayinədən keçib. Müayinə zamanı 121 nəfərdə xəstəlik aşkarlanaraq ambulator müalicəyə, 28 nəfər stasionar müalicəyə cəlb olunub, 10 nəfər isə Bakıya göndərilib. Sağlamlıqları ilə əlaqədar müayinədə iştirak edə bilməyən əhalinin müayinəsi üçün iki həkim briqadası yaradılıb. Onlar cədvəl üzrə kəndlərə göndərilərək yerlərdə kənd əhalisini müayinə edəcəklər”.

Qax Rayon Poliklinikasının müdiri Cəmaləddin Hacıyev də prosesin gedişi barədə məlumat verib. Bildirib ki, ötən illə müqayisədə bu il müayinə üçün edilən müraciətlərin sayında artım var: "Keçən ilə nisbətən bu il aktivlik daha yüksəkdir. Bunun əsas səbəblərindən biri də insanların regionlardakı həkimlərin qoyduğu diaqnozlara inamının artmasıdır. Müayinə müddətində 6000-dən çox Qax sakini müayinədən keçirilib, onlardan cəmi 1 nəfəri Bakıya müalicəyə göndərilib".

25 Fevral 2018
Bu mətn 806 dəfə oxunub