Səhiyyə Nazirliyində Xocalı Faciəsinin 26-cı ildönümü anılıb

  Xocalı faciəsinin 26-ci ildönümü respublikamızın bütün dövlət və qeyri dövlət qurumlarında olduğu kimi Səhiyyə Nazirliyində, onun idarə və müəssisələrində hörmətlə anılıb. Səhiyyə naziri Oqtay Şirəliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Bundan başqa bir çox tibb müəssisələrində Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb, erməni vandalizmi qətiyyətlə pislənib.

Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu. Xalqımız bu dəhşəti heç bir zaman unutmayacaq.

Digər tədbir Gəncə şəhərində təşkil olunub. Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində Gəncə şəhərində yenı salınan Yeni qəsəbə - 2-də yaşayan əsasən Xocalı rayonundan məcburi köçkünlərə və qəsəbənin əhalisinın tibbi müayinələrinin keçirilməsinə başlanılıb.

Tibbi profilaktik baxış üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinəyə (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələrin aparılmasına, terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlərin cəlb edilməsinə xüsusi diqqət ayrılıb.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, Əlikram Məmmədov bildirib ki, 1067 nəfərdən çox qəsəbə sakininə müayinələr edilib və məsləhətlər verilib.

Səyyar rentgenoflüoroqrafik müayinələrin sayı 647, elektrokardioqrafik 114, ultrasəslə müayinələrin sayı 98, laborator müayinələrin sayı 238 olub. Qəsəbə sakinlərindən 6 nəfəri evində konsilium edilib, 98 şəxsə ambulator müalicə təyin olunub, 14 şəxs stasionar müayinə və müalicə üçün Gəncə şəhərinə dəvət edilib. Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibb müayinələr üçün dövlətimizin başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov müayinələr zamanı sakinlərə maarifləndirici təlim də keçirib.

27 Fevral 2018
Bu mətn 513 dəfə oxunub